14 fevral 2026. Şənbə

Diplomsuz baş məşqçi “Monako”ya baha başa gəlir


Diplomsuz baş məşqçi “Monako”ya baha başa gəlir

“Monako”nun baş məşqçisi Sebastyen Pokoqnoli lazımi məşqçi diplomuna sahib olmadığı üçün klub hər oyun başına 25 min avro cərimələnir.

90deqiqe.Az-ın "L’Equipe"yə istinadən məlumata görə, oktyabrın 11-də Adi Hütterin yerinə baş məşqçi təyin olunan 38 yaşlı mütəxəssis Liqa 1-də işləmək üçün tələb olunan BEPF və ya ekvivalent diplomu əldə etməyib. Bu səbəbdən “Monako” hər rəsmi qarşılaşmaya görə maliyyə sanksiyası ödəməyə məcbur qalır.

İndiyədək belçikalı çalışdırıcının rəhbərliyi altında keçirilən 17 oyuna (14 liqa, 3 kubok) görə klubun ödədiyi cərimə 425 min avro təşkil edib. Bildirilir ki, bu məsələ klubun UEFA Çempionlar Liqasında iştirakına təsir göstərmir.

Xəbərdə qeyd olunur ki, “Monako” rəhbərliyi bir oyunda Pokoqnolinin köməkçisi Damien Perrineli rəsmi protokolda baş məşqçi kimi göstərsə də, onun da diplom təhsili davam etdiyindən cərimə qüvvədə qalıb. Perrinel yaranmış vəziyyətdən yararlanaraq maaşının artırılmasına nail olub. Sonradan klub protokollarda baş məşqçi bölməsini ümumiyyətlə boş saxlamağa başlayıb.

Belçikalı mütəxəssis mövsümü tamamlayacağı təqdirdə, “Monako”nun ödəyəcəyi ümumi cərimə məbləği 750 min avroya çatacaq.

Klubdan verilən açıqlamada Pokoqnoli ilə aparılan danışıqlarda bu qaydanın əvvəlcədən nəzərə alındığı və maaşın buna uyğun müəyyən edildiyi bildirilib.

Hazırda Liqa 1-də 21 oyundan sonra 28 xalla 10-cu yerdə qərarlaşan “Monako”, UEFA Çempionlar Liqasında 21-ci pilləni tutaraq pley-off mərhələsinə yüksəlib və bu mərhələdə PSJ ilə üz-üzə gələcək. Fransa Kubokunda isə klub mübarizəni dayandırıb.







Fransa L.1

"Renn" evdə PSJ-yə qalib gəldi
  • Fransa L.1
  • 00:03 14.02.2026
"Renn" evdə PSJ-yə qalib gəldi