- Fransa L.1
- 21:37 10.08.2026
“Monako”nun hücumçusu Ansu Fati “Barselona”dan ayrılması və son illərdə onun stabil çıxış etməsinə mane olan problemlər barədə danışıb.
90deqiqe.Az-ın “sport.es”ə istinadən məlumatına görə, Fati Kataloniya klubundan ayrılmasının onun üçün asan olmadığını bildirib:
““Barselona”da uzun illər keçirdim. Orada çoxlu dostlarım və “La Masia”da çalışan insanlar qaldı. Hamı mənə yazır, mesaj göndərirdi. Mən də hər kəslə sağollaşdım. İlk günlər kədərli idi, amma həyat belədir. Baş verənləri qəbul etmək və yolumuza davam etmək lazımdır”.
İspaniyalı hücumçu “Monako”da ona göstərilən etimadın özünəinamını artırdığını vurğulayıb:
“İlk gündən klubun mənə güvəndiyini və çox yaxşı münasibət göstərdiyini hiss etdim. Məni əla qarşıladılar. Mən də komandaya bacardığım qədər kömək etməyə və əlimdən gələn hər şeyi etməyə çalışdım”.
Fati son illərdə əsas probleminin zədələr olduğunu və bunun onun müntəzəm olaraq meydana çıxmasına mane olduğunu deyib:
“Əgər fiziki cəhətdən hazırsansa, qalan hər şey öz-özünə gələcək. Son illərdə mənə ən çox sabitlik çatmayıb. Zədələr səbəbindən komandaya müntəzəm kömək edə bilmirdim. Bir çoxları məni zədələrlə əlaqələndirir və doğrudan da, buna görə çox əziyyət çəkmişəm. Amma həyat belədir. Bunu qəbul edirəm və sağlam qalmaq, futbol oynamaq üçün əlimdən gələni edirəm”.
Qeyd edək ki, 23 yaşlı futbolçu artıq “Monako”ya məxsusdur. Fransa klubu onun transferi üçün “Barselona”ya 11 milyon avro ödəyib.Hücumçunun əsas hədəflərindən biri isə İspaniya milli komandasına qayıtmaqdır.
Əlavə edək ki, Fati futboldan əlavə musiqi ilə də məşğul olur. O, yaxın günlərdə “Sea como Sea” adlı ilk albomunu təqdim edib.