- Fransa L.1
- 22:53 14.08.2026
İtaliyalı hücumçu Çiro İmmobile 36 yaşında peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə onun çıxış etdiyi “Paris” klubu rəsmi saytında məlumat yayıb.
“İmmobile və “Paris” futbol klubu italiyalı hücumçunun peşəkar futbolçu karyerasını başa vurmaq qərarını bildirir. Oyunçu 17 illik peşəkar karyerasından sonra vaxtının böyük hissəsini yaxınlarına həsr etmək istədiyini ifadə edib”, - deyə klubun açıqlamasında qeyd olunub.
İmmobile ötən mövsüm “Paris”in heyətində Liqa 1 və Fransa Kubokunda 13 matçda meydana çıxıb. O, bu görüşlərdə 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
İtaliyalı futbolçu peşəkar karyerası ərzində 650-dən çox oyun keçirib və 320-dən artıq qola imza atıb. O, “Yuventus”, “Latsio”, “Beşiktaş”, Dortmund “Borussiya”sı, “Sevilya” və digər klubların formasını geyinib.
İmmobile İtaliya millisinin heyətində isə Avropa çempionu titulunu qazanıb.
Qeyd edək ki, 36 yaşlı hücumçu karyerasının ən məhsuldar dövrünü “Latsio”da keçirib və burada klub tarixinin ən çox qol vuran futbolçusuna çevrilib.