- Fransa L.1
- 23:34 08.09.2026
Fransanın “Marsel” klubunun ev oyunlarını keçirdiyi “Velodrom” stadionunda insident baş verib.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma zamanı bir qadının cinsi zorakılığa məruz qaldığı iddia olunur.
Hadisə barədə zərərçəkmiş şəxs sosial şəbəkələrdə paylaşım edib. Bundan sonra “Marsel” klubunun rəhbərliyi açıqlama yayaraq zərərçəkmişə tam dəstəyini ifadə edib.
Qadının sözlərinə görə, matç zamanı arxasında əyləşən kişi bir neçə dəfə ona toxunub.
“Mən nəyinsə mənə toxunduğunu hiss etdim. Arxamda oturan kişinin ayağa qalxaraq getdiyini gördüm. Daha sonra yenidən arxamdakı yerinə qayıtdı. Bu, ikinci, daha sonra isə üçüncü dəfə təkrarlandı. Hər dəfə nəyinsə mənə toxunduğunu hiss edirdim”, - deyə zərərçəkmiş bildirib.
Hadisə ilə bağlı araşdırmanın aparılıb-aparılmadığı və şübhəlinin müəyyənləşdirilib-müəyyənləşdirilmədiyi barədə əlavə məlumat verilməyib.