9 oktyabr 2026. Cümə

Luis Enrike “Le Man”la oyun öncəsi PSJ-nin hədəfini açıqladı


Luis Enrike “Le Man”la oyun öncəsi PSJ-nin hədəfini açıqladı

PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in növbəti turunda “Le Man”la keçiriləcək oyun öncəsi rəqib komanda barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis rəqibin mövsümün əvvəlindən etibarən yaxşı təsir bağışladığını və komandasının qarşılaşmaya ciddi hazırlaşmalı olduğunu bildirib.

“Mövsümün əvvəlində “Le Man” liqanın səviyyəsinə uyğun olduğunu sübut edib. Bu, həm hücumda topla yaxşı oynayan, həm də müdafiədə düzgün çıxış edən, oyunçuları arasında anlaşma olan komandadır. Müxtəlif oyun vəziyyətlərinə düzgün reaksiya vermək üçün həmişəkindən daha diqqətli olmalıyıq.

Asan oyunlar olmur, millilərin oyunlarına görə yaranan fasilədən sonra isə bu, daha da çətinləşir. Bizi çətinliklər gözləyir və onların öhdəsindən gəlməyə hazır olmalıyıq.

Fransa Kubokunda “Le Man”la keçirdiyimiz oyunu xatırlayıram. Biz keyfiyyətli futbol nümayiş etdirən əsl komandayıq. Üstəlik, azarkeşlərimizin dəstəyi ilə öz stadionumuzda oynayacağıq və turnir cədvəlində daha yuxarı pillələrə qalxmaq istəyirik”, – deyə Luis Enrike PSJ-nin rəsmi saytına açıqlamasında bildirib.

Qeyd edək ki, hazırda PSJ 8 xalla Liqa 1-in turnir cədvəlində altıncı, “Le Man” isə 6 xalla doqquzuncu pillədə qərarlaşıb.







Fransa L.1