- Fransa L.1
- 21:39 16.10.2026
PSJ-nin baş məşqçisi Luis Enrike yarımmüdafiəçi Uorren Zair-Emerinin oyununu yüksək qiymətləndirərək onu komandanın əsas futbolçularından biri adlandırıb.
90deqiqe.Az-ın məlumatına görə, 20 yaşlı fransalı futbolçu çərşənbə günü “Mançester Siti” ilə matçda Joao Neveşi əvəz edərək start heyətində meydana çıxıb və yarımmüdafiənin mərkəzində inamlı oyun nümayiş etdirib. Fransa çempionatında “Strasbur”la qarşılaşma öncəsi Enrike gənc oyunçunun komandanın uğurlarına töhfəsini xüsusi vurğulayıb.
“Uorren şəksiz əsas heyət oyunçusudur, komanda üçün vacib futbolçudur. Problem ondadır ki, hər matçda yalnız 11 oyunçuya şans verə bilərəm. Seçim etməli oluram. Kluba gəldiyimiz vaxtdan Uorren müntəzəm olaraq start heyətində meydana çıxır”, – deyə məşqçinin sözlərini "GFFN" nəşri sitat gətirib.
Qeyd edək ki, Enrike 2023-cü ilin iyulunda PSJ-nin baş məşqçisi təyin olunandan bəri Zair-Emeri onun rəhbərliyi altında 161 matçda iştirak edib. Bu görüşlərin 124-də fransalı yarımmüdafiəçi start heyətində meydana çıxıb.