- Fransa L.1
- 01:02 22.11.2026
PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Liqasının XI turunda “Nitsa” üzərində qazandıqları 3:2 hesablı qələbəni dəyərləndirib və hücumçu Desire Duenin zədələndiyini təsdiqləyib.
90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis beynəlxalq oyunlar fasiləsindən sonra belə çətin qarşılaşmaya hazırlaşmağın asan olmadığını bildirib:
“Millətlərarası fasilədən sonra, Çempionlar Liqası matçı ərəfəsində və “Nitsa” kimi güclü rəqibə qarşı oyunun nə qədər çətin olacağını bilirdik. Müəyyən problemlərlə üzləşəcəyimizi gözləyirdik və buna hazır idik. Düşünürəm ki, tapşırığımızın öhdəsindən yaxşı gəldik. Əlavə üç xal qazandığımız üçün məmnunuq. Təəssüf doğuran məqam Desire Duenin zədələnməsidir. Zədənin xarakterini dəqiq müəyyənləşdirmək üçün sabahadək gözləyəcəyik”.
Luis Enrike hücumçuların qol vurmaq və məhsuldar ötürmə vermək istəyindən də danışıb. O, komanda üçün əsas prioritetin fərdi göstəricilər deyil, kollektiv oyunun və qarşıya qoyulan tapşırığın yerinə yetirilməsi olduğunu vurğulayıb.
Qeyd edək ki, 44-cü dəqiqədə zədələnən fransalı futbolçu xərəkdə meydandan çıxarılıb.