İngiltərə Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilməli olan “Tottenhem” – “Arsenal” matçı təxirə salınıb. Corner.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.
Buna səbəb “Arsenal”ın heyətlə bağlı ciddi problemlərlə üzləşməsi göstərilib. Belə ki, London təmsilçisi bu matç üçün heyət qurmaqda çətinlik yaşayırdı. Bu barədə klubun mətbuat xidməti məlumat yaymışdı. Futbolçuların bəzisi zədə, bəziləri koronavirusla bağlı karantində olduğu , bəziləri isə Afrika Millətlər Kubokunda iştirak etdiyi üçün “Tottenhem”lə matça çıxa bilməyəcəkdi. Bu üzdən də “topçular” heyətinin kasad olması səbəbindən London derbisinin təxirə salınması üçün Premyer Liqa rəhbərliyinə müraciət etmişdi.
Xatırladaq ki, “Tottenhem” – “Arsenal” matçı yanvarın 17-də keçirilməli idi. 22-ci turun “Bernli” – “Lester Siti” matçı da birincilərin heyətində əksər futbolçunun koronavirusa yoluxması səbəbindən təxirə salınmışdı. Artıq koronavirusa yoluxmalar səbəbindən bu mövsüm təxirə salınmış matçların sayı 21-ə yüksəlib.