İngiltərə Premyer Liqasının 21-ci turunda “Vulverhempton”la oyunda “Mançester Siti”nin futbolçuları bir sıra rekordlara imza atıb. Corner.az saytı xəbər verir ki, matçda het-trikə imza atan Erlinq Haland bir mövsümdə “şəhərlilər”in öz meydanında ən çox qol vuran futbolçu rekordunu yeniləyib.
Norveç millisinin üzvü cari mövsüm “Etihad”da meydana çıxdığı 11 görüşdə ümumilikdə 18 dəfə fərqlənib. O, 2011-12 mövsümündə 16 qolun müəllifi olan Serxio Aqueronun rekordunu yeniləyib.
Debüt mövsümündə Premyer Liqada artıq 4-cü het-trikini edən Haland eyni zamanda bunu ən sürətli həyata keçirən oyunçu ünvanına yiyələnib. Ona qədər rekord Rud van Nistelroya məxsus idi. Niderlandlı dörd het-trik üçün 65 oyun keçirməli olub. Bu göstəricidə üçüncü yerdə Luis Suares (81 oyun), dördüncü pillədə Alan Şirer (86), beşincilikdə isə Robbi Fauler (89) qərarlaşıb. Haland daha bir qarşılaşmada minimum 3 qol vura bilsə, Alan Şirerə məxsus bir mövsümdə ən çox het-trik (5) rekordunu təkrarlayacaq.
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne isə qol şansı yaratmaq baxımından cari mövsümün ən yaxşısıdır. Belçikalı bu mövsüm 19 qol imkanı ilə diqqət çəkib. “Böyük beşlik” ölkələrində onu “Nyukasl”ın müdafiəçisi Kiran Trippier (16 şans) və PSJ-nin hücumçusu Lionel Messi (15) izləyir.
Qeyd edək ki, Erlinq Haland bu mövsüm Premyer Liqada aktivinə 25 qol yazdırıb. De Bruyne isə 3 qol, 12 assistlə yadda qalıb.