Futbol üzrə İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində baş tutan “Sauthempton”la səfər oyunu “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne üçün əlamətdar olub. Corner.az xəbər verir ki, belçikalı futbolçu komandasının qazandığı 4:1 hesablı qələbədə bir məhsuldar ötürmə ilə yadda qalıb.
Erlinq Halandın 45-ci dəqiqədə vurduğu ilk qolun ötürməsini edən 31 yaşlı yarımmüdafiəçi “Mançester Siti”nin heyətində İngiltərə Premyer Liqasında 100 məhsuldar ötürmə edən ilk futbolçuya çevrilib.
İngiltərə Premyer Liqasında De Bruynedən daha çox assist müəllifi olan dörd futbolçu var. Rekord Sesk Fabreqasa məxsusdur – 111 assist. Sonrakı pillələrdə Ueyn Runi (103), Frenk Lempard (102) və Rayan Giqqz (102 assist) var.
Bu siyahıda hələlik beşinci olan təcrübəli oyunçu İngiltərə çempionatında 100 məhsuldar ötürmə səddinə ən tez çatan futbolçu olub. O, bunu Premyer Liqada iştirakçısı olduğu 237 matçında rəsmiləşdirib. Fabreqas 100 assist həddinə 293, Giqqz 367, Runi 445, Lempard isə 559-cu matçında çatıb.