- İngiltərə P.L.
- 14:26 14.12.2025
"Lester Siti"nin təcrübəli hücumçusu Ceymi Vardi komandasının İngiltərə Premyer Liqasını erkən tərk etməsinə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, ingilis futbolçu bu barədə şəxsi sosial şəbəkə hesabında paylaşım edib.
“Mövsümün necə keçdiyi barədə danışmaq mənim üçün olduqca çətindir. Qəzəb və məyusluq hisslərimi sözlə ifadə etmək mümkün deyil. Heç bir bəhanə qəbul edilə bilməz. Biz — həm oyunçular, həm də klub olaraq uğursuzluğa düçar olduq. Bu reallığı gizlətmək qeyri-mümkündür və bununla bağlı bəraət axtarmağı da rədd edirəm.
Bu klubda illər ərzində çoxlu eniş-yoxuşlar yaşamışıq, lakin bu mövsüm şəxsən mənim üçün tam bir biabırçılıq və məyusluq oldu. Ürəyim ağrıyır və bilirəm ki, azarkeşlər də eyni hissləri yaşayır.
Azarkeşlərə üz tutaraq bir daha demək istəyirəm: 2024/25 mövsümünü belə bitirdiyimiz üçün səmimi şəkildə üzr istəyirəm”.
İngiltərə Premyer Liqasında mövsümün bitməsinə 5 tur qalıb və "tülkülər"in 18 xalı var. Onlar Premyer Liqada qalmaq üçün riyazi şanslarını itiriblər.
Vardi bu mövsüm "Lester Siti"nin heyətində bütün turnirlərdə 32 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.Transfermarkt internet portalında verilən məlumata görə, 38 yaşlı futbolçunun bazar dəyəri 1 milyon avrodur.
Aprelin 26-da Premyer Liqanın 34-cü turu çərçivəsində "Lester" "Vulverhempton"la qarşılaşacaq.