- İngiltərə P.L.
- 21:51 19.07.2025
"Tottenhem"in futbolçusu Hın-Min Son klubdakı gələcəyini şərh edib.
90deqiqe.Az xəbər verir ki, "The Sun" cənubi koreyalı futbolçunun dediklərini belə çatdırıb.
“Mənim klubla hələ bir illik müqaviləm var. Hazırda böyük və səs-küylü açıqlamalar vermək istəmirəm — daha yaxşı olar ki, hadisələrin necə inkişaf edəcəyini gözləyək. Amma harada olmağımdan asılı olmayaraq, həmişə var gücümlə çalışacağam. Bu, mənim şəxsi fəlsəfəmdir və heç vaxt dəyişməyəcək.”
Ulduz hücumçu həmçinin şəxsi baxımdan mövsümün xüsusi olduğunu qeyd edib:
“Düşünürəm ki, bu illər ərzində arzuladığım və çalışdığım hədəflərə çatdım. Sevdiyim futbolu oynayaraq bu səviyyəyə yüksəlmişəm. Mənim üçün vacib olan tək bir şey var — qalib gəlmək. Çünki tarixdə yalnız qaliblər yadda qalır. Mövsüm hər nə qədər çətin keçsə də, mənim üçün çox xüsusi oldu. Uşaqlıqdan xəyalını qurduğum bir kuboku nəhayət ki qazandım. Bu anı mənə daim dəstək verən insanlarla paylaşmaq böyük bir xoşbəxtlikdir.”
2024/25 mövsümündə “Tottenhem” UEFA Avropa Liqasının qalibi olaraq son onilliklərdəki ilk Avropa kubokunu qazanıb. Bu tarixi uğurun başlıca fiqurlarından biri isə komandanın təcrübəli hücumçusu Son Hın Min olub.
Cənubi koreyalı futbolçu 2015-ci ildən bəri London klubunun formasını geyinir. Geridə qalan mövsümdə Son ümumilikdə 46 oyunda iştirak edib, 11 dəfə rəqib qapılarını dəqiq nişan alıb və 12 məhsuldar ötürmə verib.
Transfermarkt portalının məlumatına görə, 32 yaşlı futbolçunun hazırkı bazar dəyəri təxminən 20 milyon avro təşkil edir.