- İngiltərə P.L.
- 22:57 10.01.2026
“Çelsi”nin baş məşqçisi Liam Rozenyor London klubunun gənc heyəti ilə bağlı sualı cavablandırarkən komandanı ser Aleks Ferqyusonun dövründəki “Mançester Yunayted”lə müqayisə edib.
90deqiqe.Az-ın "ESPN"ə istinadən məlumatına görə, mütəxəssis bildirib ki, bu fikrinə görə tənqid oluna bilər, lakin Ferqyusonun vaxtilə göstərdiyi cəsarət ona böyük ilham verib:
“Buna görə məni tənqid edəcəklər, amma mən əvvəllər ‘Mançester Yunayted’in azarkeşi olmuşam, indi isə ‘Çelsi’nin sadiq fanatıyam. Xatırlayıram ki, ser Aleks Ferqyuson titul qazanan komandasında 19–21 yaş arası altı-yeddi futbolçuya şans verməkdən çəkinmədi, çünki onlara inanırdı. Həmin oyunçular inkişaf etdilər və ardıcıl olaraq titullar qazandılar. Bu, klub tarixində möhtəşəm bir dövr idi. O cəsarət olmasaydı, bunlar baş verməzdi”.
Rozenyor vurğulayıb ki, “Çelsi”də də oxşar potensial mövcuddur, lakin bu, hələlik reallıq yox, məhz potensialdır:
“Burada bunun üçün imkan var. Məhz potensialdan danışıram, hazır nəticədən yox. Moyses Kaysedo, Enso Fernandes, Koul Palmer və Ris Ceyms kimi dünya səviyyəli, lakin hələ çox gənc futbolçularımız var. Klubun əsas məqsədi bunu yenidən yaratmaqdır. Mən demirəm ki, bunu mütləq mən edəcəyəm və ya bu, mütləq baş verəcək. Sadəcə klubun ambisiyalarını məhdudlaşdırmaq istəmirəm”.
Baş məşqçi “Strasburq”dakı işinə də toxunaraq, gənc futbolçularla işləmək və paralel olaraq nəticə qazanmaq bacarığını önə çəkib:
“Mənim işim gənc oyunçularla çalışmaq, onların səviyyəsini yüksəltmək və eyni zamanda matçlar qazanmaqdır. Bunu burada da edə bilməmək üçün heç bir səbəb görmürəm. Zamanla dediklərimizin reallaşdığını görəcəksiniz. Buradakı layihə qələbələrə yönəlib. Məqsəd yalnız ‘Çelsi’yə titullar qazandırmaqdır. Bunun üçün çox çalışacağam. Klubda üç, dörd və ya beş ildən sonra olub-olmamağımdan asılı olmayaraq, düşünürəm ki, ‘Çelsi’ uzun illər uğurlu olacaq”.
Rozenyor yaş amilinə də xüsusi diqqət çəkib:
“Yaş bir məsələdir, amma təcrübə də çox vacibdir. Enso dünya çempionudur və komandanın lideridir. Ris titullar qazanıb və böyük təcrübəyə malikdir. Burada yaşları az olsa da, kifayət qədər təcrübəli futbolçularım var. Bu oyunçular artıq birlikdə qalib gəliblər. Mən də məhz bundan istifadə edərək irəli getmək və gələcək qələbələr üçün motivasiya yaratmaq istəyirəm”.