- İngiltərə P.L.
- 21:23 19.02.2026
"Liverpul"un baş məşqçisi Arne Slot komandanın hücumçusu Aleksander İsakın bərpa prosesi ilə bağlı danışıb.
90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis bildirib ki, İsak bu həftə ilk dəfə meydançaya çıxsa da, hələ futbol ayaqqabısı ilə məşq etmir:
“Aleks bu həftə ilk dəfə meydançaya çıxdı. Hələ butsda deyil, krossovkada məşq edir, ona görə də zamana ehtiyacı var. Meydana qayıtdıqdan sonra üç ay bərpa müddəti lazım olmur, amma reabilitasiyanın son mərhələsi də müəyyən risklər daşıyır. Bu mərhələdə hər şeyi addım-addım yoxlamaq vacibdir. Konkret vaxt demək istəmirəm, lakin hər şey plana uyğun getsə, o, bu mövsüm bizim üçün əlçatan olacaq”, – deyə Slot vurğulayıb.
Baş məşqçi futbolçunun mart ayında milli komandaların oyunları üçün nəzərdə tutulan fasiləyə yaxın – martın sonu, aprelin əvvəllərində komandaya qoşula biləcəyini qeyd edib. Bununla belə, mümkün residiv riskinin də mövcud olduğunu diqqətə çatdırıb.
Slot əlavə edib ki, uzun müddət fərdi məşqlərlə kifayətlənən oyunçudan dərhal optimal formanı gözləmək düzgün olmaz:
“Komandaya qayıtmaq hələ əsas heyətdə oynamağa hazır olmaq demək deyil. O, yenə bir neçə ay kənarda qaldı və əvvəl də gördük ki, “Nyukasl”dan transfer etdiyimiz futbolçunun tam hazır vəziyyətə gəlməsi üçün vaxt lazım idi. Təəssüf ki, hələ ən yaxşı Aleksı görməmişik. Ümid edirəm ki, mövsümün sonuna doğru və növbəti illərdə azarkeşlər onun ən yaxşı versiyasının şahidi olacaqlar”.
Qeyd edək ki, isveçli futbolçu ayaq sümüyündə sınıq səbəbindən dekabr ayından etibarən “mersisaydlılar”ın oyunlarını buraxır.
Aleksander İsak cari mövsüm bütün turnirlərdə 16 oyunda iştirak edib və üç qol vurub.