- İngiltərə P.L.
- 02:03 08.03.2026
İngiltərə Kubokunun 1/8 final mərhələsində maraqlı qarşılaşma baş tutub.
90deqiqe.Az xəbər verir ki, "Reksem" doğma meydanda "Çelsi" ilə üz-üzə gəlib.
Uelsdə yerləşən Reyskorz Qraund stadionunda keçirilən görüş qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı 18-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Sem Smit açıb. 40-cı dəqiqədə isə Artur Okonkvonun avtoqolu hesabı bərabərləşdirib.
79-cu dəqiqədə Kallum Doyl “Reksem”i yenidən hesabda önə çıxarıb. Lakin 82-ci dəqiqədə Coş Açimponq bərabərlik qolunu vurub.
Matçın əsas vaxtının sonuna əlavə olunmuş dəqiqələrdə “Reksem”in futbolçusu Corc Dobson qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub və oyun əlavə vaxta gedib.
Əlavə vaxtda “Çelsi” üstünlüyünü göstərib. 96-cı dəqiqədə Alehandro Qarnaço komandasını hesabda önə keçirib. 120+5-ci dəqiqədə isə Joaо Pedro fərqlənərək London təmsilçisinin qələbəsini rəsmiləşdirib.
Qeyd edək ki, turnirin 1/4 final mərhələsinin püşkatma mərasimi martın 9-da keçiriləcək. Turnirin son qalibi "Kristal Pelas" olub. London təmsilçisi finalda "Mançester Siti"ni 1:0 hesabı ilə məğlub edib.