- İngiltərə P.L.
- 23:59 24.03.2026
“Liverpul” hücumçu Məhəmməd Salahın mövsümün sonunda klubdan ayrılacağını rəsmən təsdiqləyib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, misirli futbolçu 2025/2026 mövsümünün yekununda “Enfild”dəki doqquz illik karyerasını başa vuracaq.
Qeyd olunub ki, Salah “qırmızılar”la razılığa gəlib və gələcəyi ilə bağlı məlumatı azarkeşlərlə vaxtında paylaşmaq istəyib. 2017-ci ildə “Roma”dan transfer olunan 11 nömrəli hücumçu “Liverpul” tarixinin ən önəmli oyunçularından biri kimi dəyərləndirilir.
O, klubla birlikdə İngiltərə Premyer Liqasını iki dəfə, UEFA Çempionlar Liqasını, FIFA Klub Dünya Kubokunu, UEFA Superkubokunu, İngiltərə Kubokunu və iki dəfə Liqa Kubokunu, eləcə də İngiltərə Superkubokunu qazanıb.
Salah bu müddət ərzində 435 oyunda 255 qol vuraraq klub tarixinin ən yaxşı bombardirləri siyahısında üçüncü pillədə yer alır. O, həmçinin dörd dəfə Premyer Liqanın “Qızıl buts” mükafatını qazanıb.