- İngiltərə P.L.
- 23:57 06.04.2026
İngiltərə Premyer Liqası klubları bukmeker şirkətləri ilə bağlı ciddi maliyyə itkilərinə hazırlaşır.
90deqiqe.Az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
2026–2027 mövsümündən etibarən İngiltərənin yüksək liqasında çıxış edən komandaların formalarının üzərində əsas sponsor kimi bukmeker və ya kazino şirkətlərinin yerləşdirilməsi qadağan ediləcək. Qeyd olunur ki, bu qadağa qumar reklamının digər formalarına – qol hissəsində, şortlarda, stadion ətrafındakı bannerlərdə, ekranlarda və televiziya çarxlarında yerləşdirilməsinə şamil olunmur.
Hazırda Premyer Liqanın 11 klubu əsas sponsor kimi bukmeker şirkətləri ilə əməkdaşlıq edir: “Aston Villa”, “Bornmut”, “Brentford”, “Bernli”, “Kristal Pelas”, “Everton”, “Fulhem”, “Nottingem Forest”, “Sanderlend”, “Vest Hem” və “Vulverhempton”. Onlardan yalnız “Bornmut”, “Brentford”, “Everton” və “Fulhem” növbəti mövsüm üçün forma reklamına dair yeni müqavilə imzalayıb.
Yeni mövsümdə klubların ümumi maliyyə itkisi 92 milyon avroya çata bilər. Bukmeker şirkətlərinin ayrılması liqada onsuz da mövcud olan böyük sponsorluq fərqini – aparıcı altılıqla digər komandalar arasındakı uçurumu daha da artıracaq.