- İngiltərə P.L.
- 23:19 19.05.2026
İngiltərə Çempionşipində Premyer Liqaya vəsiqə uğrunda keçirilən play-off mərhələsində gözlənilməz qərar verilib.
90deqiqe.Az xəbər verir ki, finala vəsiqə qazanan “Sauthempton” casusluq ittihamı səbəbindən turnirdən kənarlaşdırılıb. Bu qərardan sonra onların yerinə “Midlsbro” finalda mübarizə aparacaq.
EFL-nin yaydığı rəsmi açıqlamada bildirilir ki, müstəqil intizam komissiyası klubun digər komandaların məşqlərinin icazəsiz şəkildə qeydə alınması ilə bağlı bir neçə qayda pozuntusunu təsdiqləyib və “Sauthempton”un play-off mərhələsindən çıxarılmasına qərar verib.
Bildirilib ki, “Midlsbro” finala daxil edilib, “Sauthempton” isə 2026/27 mövsümündə Çempionşipdə 4 xallıq cəza ilə üzləşəcək.
Qeyd edək ki, yarımfinal mərhələsində “Midlsbro”nu 2:1 hesabı ilə məğlub edən “Sauthempton” finala yüksəlmişdi. Lakin “Midlsbro” İngiltərə Futbol Liqasına (EFL) müraciət edərək rəqibini casusluqda ittiham edib.
Final oyununun 23 may şənbə günü keçirilməsi planlaşdırılır, start saatı isə daha sonra açıqlanacaq.