- İngiltərə P.L.
- 22:13 18.06.2026
“Mançester Yunayted” klubu kreditorlar qarşısında mövcud borcunun bir hissəsini yenidən maliyyələşdirərək 476 milyon avro məbləğində yeni maliyyələşmə cəlb edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Bundan əvvəl klubun təxminən 367 milyon avro həcmində istiqraz borcu olub və onun ödəniş müddəti 2027-ci ilin iyununda başa çatmalı idi. İndi həmin borc yeni kredit hesabına bağlanacaq və bu, rəhbərliyə əlavə maliyyə çevikliyi qazandıracaq.
Bununla belə, maliyyələşmə şərtləri daha az sərfəli olub. Əvvəllər bu borc üzrə illik faiz dərəcəsi 3,79 faiz təşkil edirdisə, indi bu göstərici 5,36 faizə yüksəlib.
Klubun açıqlamasında bildirilir ki, vəsait 2027-ci il istiqrazlarının vaxtından əvvəl ödənilməsi və hesablanmış faizlərin bağlanması, eləcə də ümumi korporativ ehtiyaclar üçün istifadə olunacaq.
Klubun maliyyə hesabatına əsasən, 2025-ci ilin sonuna “Mançester Yunayted”in ümumi borcu təxminən 1,5 milyard avro təşkil edib. Bundan əlavə, klubun 580 milyon avrodan çox öhdəliyi də qalır ki, bunun böyük hissəsi futbolçu transferləri ilə bağlı ödənişlərdən ibarətdir.
Həmçinin klub təminatlı kredit üzrə ödəniş müddətini 2029-cu ilin avqustundan 2031-ci ilin iyununa qədər uzadıb.
Maliyyə qərarları 100 min tamaşaçı tutumuna malik yeni stadion layihəsinin hazırlanması fonunda qəbul edilir. İlkin hesablamalara görə, stadionun tikintisi klub üçün ən azı 2,3 milyard avroya başa gələ bilər.