- İngiltərə P.L.
- 21:45 22.07.2026
İngiltərənin "Mançester Siti" klubu yarımmüdafiəçi Fil Fodenlə bağlı qərarını verib.
90deqiqe.Az-ın məlumatına görə, "şəhərlilər" İngiltərə millisinin üzvü gələn il başa çatmalı olan müqaviləsini daha dörd il uzadıb.
Fil Foden klubun rəsmi saytına açıqlamasında gələcəyini "Mançester Siti"yə bağlamağın onun üçün xüsusi məna daşıdığını bildirib:
"Gələcəyimi "Mançester Siti"yə həsr etmək mənim üçün hər şey deməkdir. Bu klubun formasını geyinmək həmişə arzum olub və bunu etmək mənim üçün böyük şərəfdir. Mənə inanmağa və etibar göstərməyə davam edən klubum üçün əlimdən gələni edəcəyəm. Klubun əməkdaşlarına, komanda yoldaşlarıma və azarkeşlərə yalnız təşəkkür edə bilərəm. Ümid edirəm ki, qarşıdakı illərdə də onların etimadını doğruldacağam."
Qeyd edək ki, Fil Foden 2017-ci ildə baş məşqçi Xosep Qvardiolanın rəhbərliyi altında əsas komandada debüt edib. O, bu müddət ərzində "Mançester Siti"nin heyətində ümumilikdə 20 titul qazanıb.
Foden klubla birlikdə 6 dəfə İngiltərə Premyer Liqasının, 5 dəfə Liqa Kubokunun, 3 dəfə İngiltərə Kubokunun, 3 dəfə İngiltərə Superkubokunun qalibi olub. O, həmçinin UEFA Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının da qalibi adını qazanıb.
Akademiya komandaları da daxil olmaqla, Fil Foden "Mançester Siti"nin heyətində ümumilikdə 411 oyunda meydana çıxıb, 131 qol vurub və 81 məhsuldar ötürmə verib.