- İngiltərə P.L.
- 19:19 26.07.2026
İngiltərənin "Çelsi" klubu məşqçilər korpusunu standart vəziyyətlər üzrə mütəxəssis Ostin Makfi ilə gücləndirməyi planlaşdırır.
90deqiqe.Az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, London təmsilçisi hazırda "Aston Villa"da çalışan 46 yaşlı mütəxəssisin keçidi ilə bağlı Birmingem klubu ilə danışıqlar aparır.
Qeyd olunur ki, "Çelsi"nin baş məşqçisi Xabi Alonso Makfini öz məşqçilər korpusunda görmək istəyir. Bununla yanaşı, təcrübəli mütəxəssisə İngiltərənin digər klubları, eləcə də Səudiyyə Ərəbistanından komandalar da maraq göstərir.
Ostin Makfi 2021-ci ildən "Aston Villa"da çalışır. O, eyni zamanda Roberto Martinesin rəhbərliyi altında Portuqaliya millisində standart vəziyyətlər üzrə məşqçi kimi fəaliyyət göstərib.
Xatırladaq ki, "Aston Villa" ötən mövsüm standart vəziyyətlərdən vurduğu qolların sayına görə "Arsenal"la birlikdə İngiltərə Premyer Liqasında ilk pilləni bölüşüb. 2023/2024 mövsümündə isə Birmingem təmsilçisi bu göstərici üzrə Avropanın "böyük beşlik" liqalarında çıxış edən klublar arasında lider olub.