- İngiltərə P.L.
- 23:25 29.07.2026
"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Pol İns klubun Andre Santosun transferi üçün təxminən 58 milyon avro ödəmək qərarını sual altına alıb.
90deqiqe.Az xəbər verir ki, o, bu barədə "Goal"a açıqlamasında danışıb.
İns bildirib ki, bu məbləğ gənc futbolçu üçün həddindən artıq yüksəkdir və klubun heyətində artıq akademiyanın yetirməsi olan Kobbi Maynu kimi perspektivli yarımmüdafiəçi var.
"58 milyon avro belə futbolçu üçün çox böyük məbləğdir. Düşünürəm ki, onun haqqında yekun fikir söyləmək hələ tezdir. Buna görə də klubun gənc mərkəz yarımmüdafiəçisi üçün bu qədər pul xərcləməsi məni bir qədər təəccübləndirir. Üstəlik, onların akademiyadan yetişən Kobbi Maynusu da var"
Sabiq İngiltərə millisinin üzvü Kobbi Maynunun ötən mövsümün ikinci yarısındakı çıxışını da yüksək qiymətləndirib.
"Mövsümün sonuna yaxın o, daha çox ikili mübarizə qazanmağa, top almağa, qol vəziyyətləri yaratmağa, cərimə meydançasına daha tez-tez daxil olmağa və oyuna təsir etməyə başladı. O, tamamilə fərqli futbolçu təsiri bağışlayır", - deyə İns əlavə edib.
Qeyd edək ki, Kobbi Maynu ötən mövsüm bütün turnirlərdə keçirdiyi 30 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Andre Santos isə 43 matçda 3 qola və 4 məhsuldar ötürməyə imza atıb.