- İngiltərə P.L.
- 23:34 31.07.2026
İngiltərənin "Çelsi" klubunun ukraynalı yarımmüdafiəçisi Mixaylo Mudrikin dopinq səbəbindən aldığı cəza ləğv olunub.
90deqiqe.Az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası (FA) ilə Ümumdünya Antidopinq Agentliyi (WADA) arasında əldə olunan razılaşmadan sonra qərar verilib.
2024-cü ilin noyabr ayından etibarən yaşıl meydanlardan uzaq qalan 25 yaşlı futbolçu komandanın Honkonqda keçiriləcək təlim-məşq toplanışına qoşulacaq.
"Çelsi" məsələ ilə bağlı yaydığı rəsmi açıqlamada Mudrikə ilk gündən dəstək verdiyini bildirib:
"Biz əvvəldən Mişaya dəstək olmuşuq və antidopinq sisteminin bütövlüyünə hörmətlə yanaşmışıq. Elmi hesabat standartlarındakı yeniliklər nəticəsində futbolçumuzun nümunəsi bu gün analiz olunsaydı, müsbət nəticə hesab edilməyəcək və hər hansı qayda pozuntusu qeydə alınmayacaqdı. Məhz bu dəyişiklik tərəflərin ortaq razılığa gəlməsinə imkan yaratdı. İndi əsas məqsədimiz Mudrikin komandaya qayıdışını təmin etmək və onun karyerasını uğurla davam etdirməsinə kömək göstərməkdir."
Mudrik də sosial şəbəkə hesabında yayımladığı açıqlamada qərardan məmnun olduğunu bildirib:
"Uzun sürən mübarizədən sonra mənə verilən dörd illik diskvalifikasiya ləğv edildi və artıq dərhal karyeramı davam etdirmək hüququ qazandım. Bu prosesin başa çatmasına, adımın təmizlənməsinə və yenidən futbola qayıda biləcəyimə görə minnətdaram. Bu dövr karyeramın ən çətin mərhələsi oldu.
Əvvəldən dediyim kimi, heç vaxt bilərəkdən və ya qəsdən qadağan olunmuş maddədən istifadə etməmişəm. Həmişə ədalətli mübarizə aparmağa, klubumu və ölkəmi peşəkarlıq və dürüstlüklə təmsil etməyə çalışmışam.
Bu müddət ərzində mənə dəstək olan ailəmə, dostlarıma, "Çelsi" klubunun rəhbərliyinə, komanda yoldaşlarıma və azarkeşlərə təşəkkür edirəm. Həmçinin işim üzərində böyük fədakarlıqla çalışan hüquq komandama minnətdarlığımı bildirirəm. İndi bütün diqqətimi futbola qayıtmağa, hər gün daha çox çalışmağa və komandama meydanda fayda verməyə yönəldəcəyəm. Karyeramın yeni mərhələsini səbirsizliklə gözləyirəm."