- İngiltərə P.L.
- 23:24 09.08.2026
“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandasının “Emireyts Kuboku”nun həlledici matçında Dortmund “Borussiya”sına 2:3 hesabı ilə məğlub olmasını şərh edib.
90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis nəticədən narazı qaldıqlarını bildirib.
“Biz məğlub olduq və bundan narazıyıq. Bəzi məqamları yaxşılaşdırmalıyıq. Bir neçə futbolçu daha çox oyun vaxtı qazanmalı və ritmə düşməlidir. Bu gün keçdiklərimizdən sonra, xüsusilə də matçın bəzi hissələrini nəzərə alsaq, bu, bizə çox kömək edəcək. Nəhayət, sabah bütün futbolçularımız sıraya qayıdacaqlar”, - deyə Artetanın sözlərini klubun rəsmi saytı yayıb.
“Arsenal”ın çalışdırıcısı yoldaşlıq oyunlarında məğlubiyyətlərin də komandada mənfi emosiyalar yaratmalı olduğunu vurğulayıb:
“Futbol matçını uduzanda bu, ağrı verməlidir. İstər yoldaşlıq görüşü, istər hazırlıq matçı olsun, yaxud buna başqa ad verək. Lakin hansı vəziyyətdə olduğumuzu başa düşürük. Hələ də bir çox futbolçumuz çatışmır, bəziləri isə kifayət qədər məşq etməyib. Müəyyən mənada bu da bizim üçün faydalıdır”.
Qeyd edək ki, “Arsenal” avqustun 16-da İngiltərə Super Kuboku uğrunda keçiriləcək matçda “Mançester Siti” ilə qarşılaşacaq.