- İngiltərə P.L.
- 01:01 13.08.2026
İngiltərə Premyer Liqasının son çempionu “Arsenal” İtaliyanın “Komo 1907” klubu ilə keçirdiyi yoldaşlıq görüşündə penaltilər seriyasında qalib gəlib.
90deqiqe.Az xəbər verir ki, “Emireyts” stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə London təmsilçisi 4:3 hesabı ilə üstün olub.
Ötən mövsüm 22 illik çempionluq həsrətinə son qoyan və UEFA Çempionlar Liqasının finalında çıxış edən “Arsenal” yeni mövsüm öncəsi son yoxlama oyununa çıxıb.
“Qalatasaray”ın maraq göstərdiyi bildirilən “Arsenal”ın braziliyalı vingeri Qabriel Martinelli görüşə start heyətində başlayıb və 60-cı dəqiqədə Kristos Tzolis ilə əvəzlənib.
İlk dəqiqələrdə “Arsenal” Eze və Qabriel Jesusla qol imkanları yaratsa da, hesabı aça bilməyib. 30-cu dəqiqədəki su fasiləsindən sonra baş məşqçi Mikel Arteta Viktor Gyökeres və Fabio Vieyranı meydana buraxıb.
“Como”nun qapıçısı Butezin 33-cü dəqiqədə topu uzaqlaşdırmaq istəyərkən etdiyi səhvdən “Arsenal” yararlanıb. Lyuis-Skelli başla topu Martinelliyə ötürüb. Braziliyalının geri qaytardığı ötürmədən sonra Lyuis-Skelli cərimə meydançasının qövsündən dəqiq zərbə ilə hesabı 1:0 edib.
İtaliya təmsilçisi 43-cü dəqiqədə hesabı bərabərləşdirib. Baturina cərimə meydançasına daxil olaraq rəqib müdafiəçilərini keçib və sərt zərbə ilə topu tora göndərib.
İkinci hissədə də təşəbbüsə sahib olan “Arsenal” son zərbələrdə dəqiq oynaya bilməyib və qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
Qalibi müəyyənləşdirmək üçün keçirilən penaltilər seriyasında isə “Arsenal” 4:3 hesabı ilə üstün olub.