- İngiltərə P.L.
- 00:08 15.08.2026
“Aston Villa”nın hücumçusu Brayan Macco və yarımmüdafiəçi Joao Qomes zədə səbəbindən mövsümün startında komandasına kömək edə bilməyəcək.
90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə, 17 yaşlı Macco ən azı sentyabr ayınadək yaşıl meydanlardan uzaq qalacaq.
Gənc futbolçu cəmi ötən çərşənbə günü “Aston Villa”nın heyətində rəsmi debütünü edib. O, UEFA Superkuboku uğrunda PSJ-yə qarşı keçirilən matçda zədələnib.
Macco yanvar ayında Fransanın “Mets” klubundan 11,5 milyon avro qarşılığında “Aston Villa”ya transfer olunub. Lakin futbolçu avqusta qədər rəsmi oyunlarda iştirak etmək üçün qeydiyyatdan keçə bilməyib. İngiltərə klubu onun qeydiyyata alınmasına icazə verilməsi üçün İdman Arbitraj Məhkəməsinə müraciət edib və müsbət qərar əldə edib.
Macco PSJ ilə görüşdə “Aston Villa”nın heyətində ilk rəsmi oyununa çıxıb və komandasının hesabı bərabərləşdirməsinə imkan verən qola imza atıb. Buna baxmayaraq, İngiltərə təmsilçisi matçdan 1:2 hesabı ilə məğlub ayrılıb.
Joao Qomes də həmin qarşılaşmada zədələnib. Bu yay “Vulverhempton”dan təxminən 40,3 milyon avroya transfer olunan 25 yaşlı braziliyalı yarımmüdafiəçinin baldır əzələsində zədə aşkarlanıb. Onun təxminən 2-4 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Beləliklə, “Aston Villa” İngiltərə çempionatının startı ərəfəsində bir neçə əsas futbolçusunun xidmətindən məhrum olub. Yarımmüdafiəçi Amadu Onana dünya çempionatında Belçika millisinin heyətində aldığı ön çarpaz bağ zədəsindən sonra müalicəsini davam etdirir. Komandanın kapitanı Con MakQinn isə mövsümöncəsi matçda dizindən zədə alıb və yeni mövsümün startına qədər sıraya dönməlidir.
Qeyd edək ki, ötən mövsümü İngiltərə Premyer Liqasında 4-cü pillədə başa vuran “Aston Villa” yeni çempionata avqustun 23-də səfərdə “Brayton”a qarşı oyunla başlayacaq.