- İngiltərə P.L.
- 23:34 15.08.2026
2026/2027 mövsümünə hazırlıq çərçivəsində İngiltərənin “Mançester Yunayted” və İtaliyanın “Milan” komandaları arasında yoxlama oyunu keçirilib.
90deqiqe.Az xəbər verir ki, Polşanın Vrotslav şəhərindəki “Tarçinski Arena”da baş tutan qarşılaşmada qalib 4:2 hesabı ilə “Milan” olub.
Matçın 2-ci dəqiqəsində “Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr komandasını hesabda önə keçirib. İlk hissənin 37-ci dəqiqəsində “Milan”ın hücumçusu Samuel Çukvueze hesabı bərabərləşdirib.
İkinci hissənin 51-ci dəqiqəsində Patrik Dorku İngiltərə təmsilçisini yenidən önə çıxarıb. Lakin italiyalılar 58-ci dəqiqədə Alfaco Sissenin qolu ilə hesabı 2:2-yə çatdırıblar.
“Milan” 68-ci dəqiqədə Qonsalu Ramuşun qolu ilə ilk dəfə hesabda üstünlük əldə edib. Dörd dəqiqə sonra Ruben Loftus-Çik daha bir dəfə fərqlənərək qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirib – 4:2.
Qeyd edək ki, “Mançester Yunayted”in heyətində “Barselona”dakı icarə müddətindən sonra komandaya qayıdan Markus Raşford 61-ci dəqiqədə meydana çıxıb. İngiltərə millisinin hücumçusu bu görüşdə məhsuldar fəaliyyətlə yadda qalmayıb.
Xatırladaq ki, “Mançester Yunayted” əvvəlki yoxlama oyununda “Lids”ə penaltilər seriyasında qalib gəlib (1:1, penaltilər – 5:4). “Milan” isə “Çelsi”yə 0:3 hesabı ilə uduzub.
2025/2026 mövsümündə “Mançester Yunayted” İngiltərə Premyer Liqasını 71 xalla üçüncü pillədə başa vurub. “Milan” isə İtaliya A Seriyasında 70 xalla beşinci yeri tutub.