17 avqust 2026. Bazar ertəsi

Premyer Liqada hakimlərin futbolçularla danışıqları yayımlanacaq


Premyer Liqada hakimlərin futbolçularla danışıqları yayımlanacaq

İngiltərə Premyer Liqasının oyunlarının yayımı zamanı ilk dəfə hakimlərlə futbolçular arasında danışıqların audioyazılarından istifadə olunacaq.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “The Guardian” məlumat yayıb.

Yenilik ötən mövsüm altı həftəlik sınaqdan sonra matç yayımlarının daimi hissəsinə çevrilən RefCam sisteminin tətbiqinin genişləndirilməsi çərçivəsində həyata keçiriləcək. Hakimlərin başına bərkidilən kameralar mübahisəli epizodları yeni rakursdan, hadisədən qısa müddət sonra nümayiş etdirməyə imkan verir.

İndiyədək RefCam vasitəsilə qeydə alınan audioyazıların matç zamanı yayımlanmasına icazə verilmirdi və həmin materiallar yalnız bir neçə gün sonra əlçatan olurdu. Yeni qaydalara əsasən isə Premyer Liqanın 38 turunun hər birində 1-2 epizod zamanı hakimlərlə futbolçular arasındakı dialoqların səs yazısından istifadə edilməsi planlaşdırılır.

Bununla belə, söhbət danışıqların birbaşa canlı efirdə yayımlanmasından getmir. Audioyazılar mübahisəli epizodların təkrar görüntülərinə hadisədən qısa müddət sonra əlavə olunacaq.

VAR tərəfindən araşdırılan epizodlarda isə bu imkan tətbiq edilməyəcək. Çünki Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) qaydalarına əsasən, belə vəziyyətlərdə hakimlərin VAR otağındakı danışıqlarının canlı yayımlanmasına icazə verilmir.

Qeyd edək ki, Premyer Liqa və əvvəllər PGMOL adı ilə tanınan Pro Ref təşkilatı hakimlərin danışıqlarının birbaşa canlı yayımda təqdim edilməsinə imkan verilməsi üçün IFAB-ın mövcud qaydaları yumşaltmasına nail olmağa çalışır.







İngiltərə P.L.

“Ümid edirik ki, qalacaq”
  • İngiltərə P.L.
  • 18:10 16.08.2026
“Ümid edirik ki, qalacaq”