- İngiltərə P.L.
- 01:30 20.08.2026
Niderlandlı yarımmüdafiəçi Ticanı Reynders “Mançester Siti”dən ayrılaraq Səudiyyə Ərəbistanının “Əl-Qadisiyə” klubuna keçib.
90deqiqe.Az xəbər verir ki, 28 yaşlı futbolçu İngiltərə klubundan ayrılması ilə bağlı fikirlərini “şəhərlilər”in rəsmi saytına açıqlamasında bölüşüb.
“Mənim üçün “Mançester Siti”də çıxış etmək böyük şərəf idi. Burada keçirdiyim hər dəqiqədən zövq aldım. Kluba gəldiyim ilk gündən etibarən hər kəs özümü arzuolunan qonaq və “Mançester Siti” ailəsinin bir üzvü kimi hiss etməyim üçün mənə dəstək oldu.
“Siti” azarkeşlərinə mənə və ailəmə göstərdikləri böyük sevgi və dəstəyə görə xüsusi təşəkkür etmək istəyirəm. Ötən mövsüm iki xüsusi kubok qazanan komandanın bir hissəsi olmaq inanılmaz idi. Bunu ömür boyu yüksək qiymətləndirəcəyəm.
Mən ayrılıram, amma “Mançester Siti” həmişə qəlbimdə xüsusi yer tutacaq”, - deyə Reynders bildirib.
Qeyd edək ki, Ticanı Reynders “Mançester Siti”də cəmi bir mövsüm keçirib. Niderlandlı futbolçu “şəhərlilər”in heyətində İngiltərə Kubokunu və İngiltərə Liqa Kubokunu qazanıb.