- İngiltərə P.L.
- 22:51 21.08.2026
İngiltərənin “Nyukasl” klubu yeni məşq bazasının yaradılması üçün Vulsinqton Holl mülkünü satın alıb.
90deqiqe.Az-ın “The Sun”a istinadən məlumatına görə, təxminən 105 hektar ərazini əhatə edən layihənin dəyəri 190 milyon funt sterlinq, yəni təxminən 220 milyon avro təşkil edir.
Premyer Liqa təmsilçisi yeni kompleksi əsas komanda və akademiyanın istifadəsinə verməyi planlaşdırır. Tikinti layihəsi təsdiqlənəcəyi təqdirdə, komandanın yeni bazaya 2029/2030 mövsümünədək köçməsi nəzərdə tutulur. Rəsmi planlaşdırma müraciətinin gələn ilin əvvəlində Nyukasl Şəhər Şurasına təqdim olunması gözlənilir.
Layihə çərçivəsində tarixi Vulsinqton Holl malikanəsinin və park ərazisinin qorunması və bərpası planlaşdırılır. Klub mövcud tarixi tikililəri yeni məşq kompleksinin dizaynına inteqrasiya etmək niyyətindədir.
“Nyukasl” gələcəkdə kompleksdə qadın və qız komandaları üçün də əlavə infrastruktur yaratmağı nəzərdən keçirir.
Klub artıq hazırkı Benton məşq bazasının yenilənməsinə təxminən 30 milyon funt sterlinq sərmayə qoyub. Yeni kompleksin istifadəyə verilməsindən sonra mövcud bazanın qadın komandalarının istifadəsində saxlanılması da mümkündür.