- İngiltərə P.L.
- 01:47 24.08.2026
Almaniya millisinin sabiq müdafiəçisi Mats Hummels “Liverpul”un yarımmüdafiəçisi Florian Virtsin İngiltərə Premyer Liqasının yeni mövsümündə uğurlu çıxış edəcəyini düşünür.
90deqiqe.Az-ın məlumatına görə, Hummels “Liverpul”un “Nyukasl”la ilk tur matçından əvvəl sosial şəbəkə hesabında alman futbolçu ilə bağlı proqnozunu açıqlayıb:
“Bu mövsüm Virts çempionatda 25-dən çox məhsuldar hərəkət edəcək. Hətta deyərdim ki, 30-dan da çox”.
Virts “Liverpul”a “Bayer”dən 125 milyon avro qarşılığında keçdikdən sonra İngiltərə klubundakı ilk mövsümündə Premyer Liqada 33 matçda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
Almaniya Bundesliqasında isə futbolçunun göstəriciləri daha yüksək olub. Virts 2023/24 mövsümündə 11 qol və 12 assistlə ümumilikdə 23 məhsuldar hərəkətə imza atıb. Növbəti mövsümdə də eyni nəticəni təkrarlayıb – 10 qol və 13 məhsuldar ötürmə.
Əgər Virts Hummelsin proqnozunu doğruldarsa, Premyer Liqada alman futbolçular arasında yeni rekorda imza atacaq. Hazırda rekord “Tottenhem”in sabiq hücumçusu Yurgen Klinsmanna məxsusdur. O, 1994/95 mövsümündə London klubunun heyətində 20 qol vurub və 11 məhsuldar ötürmə edib.