- İngiltərə P.L.
- 00:19 19.09.2026
“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi İngiltərə Premyer Liqasının 5-ci turunda “Aston Villa” ilə keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, italiyalı mütəxəssis komandanın oyununu bütün komponentlər üzrə inkişaf etdirməli olduğunu bildirib.
“Biz hələ də oyunumuzu bütün komponentlərdə yaxşılaşdırmalıyıq. “Liverpul”la matçda ilk qolda müdafiədə düzgün hərəkət etmədik. Necə müdafiə olunmalı olduğumuzu bilirdik. Bir uzun ötürmənin arxaya atılması qola səbəb olmamalı idi. İkinci qolda isə Qakponu daha yaxşı nəzarətdə saxlamalı idik”, - deyə De Zerbi BBC-yə açıqlamasında bildirib.
Baş məşqçi “Liverpul”la qarşılaşmada daha çox qol vəziyyəti yaratmalarının səbəbini də açıqlayıb:
““Liverpul”a qarşı digər oyunlarla müqayisədə daha çox qol imkanımız oldu. Bəlkə də bunun səbəbi onların daha cəsarətli oynaması və bizə hücumlar üçün daha çox boşluq verməsi idi”.
De Zerbi komandasına və futbolçularına inandığını vurğulayıb:
“Məşqçi kimi kifayət qədər təcrübəm var və bilirəm ki, sakitliyi qorumaq, gördüyün işə inanmaq lazımdır. Futbolçulara tam güvənirəm. Yolumuza davam edir və hər gün daha yaxşı olmağa çalışırıq. Bunu sözlə deyil, əməldə göstərməliyik”.
Qeyd edək ki, “Tottenhem” Premyer Liqada 2 xalla 17-ci pillədə qərarlaşıb. London klubu sentyabrın 19-da 5-ci tur çərçivəsində “Aston Villa”nı qəbul edəcək.