- İngiltərə P.L.
- 23:24 21.09.2026
“Liverpul” qapıçısı Alisson Bekerlə müqaviləni uzatmaq üçün danışıqlara başlamayıb.
90deqiqe.Az-ın məlumatına görə, Mersisayd təmsilçisi hələ 33 yaşlı qolkiperlə yeni müqavilə ilə bağlı danışıqlara başlamağı nəzərdən keçirmir.
Braziliyalı qolkiperin hazırkı sözləşməsi 2026/2027 mövsümünün sonuna qədər qüvvədədir.
“The Athletic” jurnalisti Ceyms Pirs “Walk On” podkastında futbolçunun gələcəyi ilə bağlı vəziyyəti şərh edib.
“Onun gələn mövsüm burada qalıb-qalmayacağını hazırda bilmirik. Bildiyim qədərilə, bütün tərəflər üçün hələ çox tezdir. Danışıqlar olmayıb”, – deyə Pirs bildirib.
Qeyd edək ki, Alisson yanvar ayından etibarən İngiltərədən kənarda çıxış edən klublarla ilkin müqavilə barədə danışıqlar apara bilər. Daha əvvəl “Yuventus”un qapıçıya maraq göstərdiyi bildirilsə də, transfer baş tutmayıb.
“Liverpul”un heyətində Georgi Mamardaşvili də çıxış edir və gürcü qapıçı Alissonun potensial varisi hesab olunur. Pirsin sözlərinə görə, Mamardaşvilinin ardıcıl üçüncü mövsüm ehtiyatda qalmaq istəməməsi də vəziyyətə təsir edə bilər.