- İngiltərə P.L.
- 20:52 25.09.2026
İngiltərə futbolunda diqqətçəkən hadisə baş verib.
90deqiqe.Az-ın məlumatına görə, maliyyə qaydalarını pozmaqda ittiham olunan “Mançester Siti” 115 ittihamın 114-ü üzrə təqsirli bilinib.
“The Athletic” nəşrinin jurnalisti Devid Ornşteynin məlumatına əsasən, “Mançester Siti” maliyyə qaydalarının pozulması ilə bağlı ittihamların demək olar ki, hamısında günahkar hesab edilib. Adı açıqlanmayan, lakin məsələdən xəbərdar olan mənbələrin sözlərinə görə, klub 115 ittihamın 114-ü üzrə təqsirli bilinib.
Sanksiyalarla bağlı yekun qərar hələ qəbul edilməyib. Bütün variantların nəzərdən keçirildiyi və “Mançester Siti”nin veriləcək qərardan apellyasiya şikayəti verəcəyi gözlənilir.
Mümkün sanksiyalar arasında klubun qazandığı çempionluq titullarının ləğvi, xal silinməsi, maliyyə cəriməsi və aşağı liqaya göndərilmə kimi variantların olduğu bildirilir.
“Mançester Siti”nin sözçüsü “The Athletic”ə açıqlamasında məsələ ilə bağlı bunları deyib:
“Premyer Liqa tərəfindən aparılan proses davam edir. Tamamlanmalı mühüm mərhələlər var və məsələ ciddi məxfilik qaydalarına tabedir. Bu səbəbdən “Mançester Siti”nin mövqeyi klubun 2023-cü ilin fevralında yayımladığı açıqlamadakı mövqe ilə eynidir.
“Mançester Siti” Premyer Liqa rəhbərliyinin kənar təsirlərdən uzaq, müstəqil və ədalətli tənzimləyici kimi fəaliyyət göstərəcəyinə inanaraq səkkiz il ərzində hüquqi prosesə ciddi şəkildə hörmət edib”.