- İngiltərə P.L.
- 19:19 26.09.2026
“Mançester Siti”nin rəhbəri Xaldun Əl-Mübarək klubun maliyyə qaydalarının mümkün pozuntuları ilə bağlı iş üzrə 115 ittihamdan 114-də günahkar bilinməsi barədə xəbərlərdən sonra azarkeşlərə müraciət edib.
90deqiqe.Az-ın məlumatına görə, o, müraciətində klubun günahsızlığını sübut etmək əzminin davam etdiyini bildirib:
“Artıq 18 ildir ki, bu klubun bir parçasıyam. “Etihad”, “Uembli” və İstanbul tribunalarında sizinlə birlikdə olmaq mənim üçün böyük şərəfdir. Bu klub mənim üçün çox şey ifadə edir və siz dəfələrlə “Mançester Siti”nin sizin üçün nə qədər vacib olduğunu göstərmisiniz və demisiniz. Məhz buna görə bu gün sizə müraciət edirəm.
Cümə günü mediada yayılan xəbərlərdən sonra bir çoxunuzun dostlarınızın, qohumlarınızın və həmkarlarınızın suallarına və mesajlarına cavab verərək axşam keçirdiyinə əminəm. Mən də belə etdim. Ailəmə dediyim budur: proses hələ davam edir və klubun günahsızlığını sübut etmək üçün inamımız və əzmimiz hər şeyin başladığı vaxtdakı qədər güclüdür.
Biz əvvəllər də çətinliklərlə üzləşmiş və onların öhdəsindən birlikdə gəlmişik. Hələ də klubumuzun inkişafına mane olmaq istəyənlər var. Biz onlara bu imkanı verməyəcəyik.
Milli komandalarla fasilədən sonra bizi mühüm hadisələr gözləyir. İki həftədən sonra “Enfild”ə səfər edəcəyik, daha sonra isə Çempionlar Liqasında PSJ-ni “Etihad”da qəbul edəcəyik. Bu oyunlar bizə “Mançester Siti” ailəsinin gücünü göstərmək imkanı verəcək. Həmişə olduğu kimi, davamlı dəstəyinizə görə sizə təşəkkür edirəm”.
Qeyd edək ki, daha əvvəl “Mançester Siti” üçün mümkün sanksiyalar arasında cərimə, xalların silinməsi, qazanılmış titulların ləğvi və Premyer Liqadan kənarlaşdırılmanın nəzərdən keçirildiyi bildirilmişdi.