28 sentyabr 2026. Bazar ertəsi

“Mançester Siti”dən maliyyə pozuntuları ilə bağlı ilk açıqlama


“Mançester Siti”dən maliyyə pozuntuları ilə bağlı ilk açıqlama

“Mançester Siti” klubu son günlər gündəmdə olan xəbərlərlə bağlı rəsmi açıqlama yayıb.

90deqiqe.Az-ın məlumatına görə, klub rəhbərliyi tərəfdarları əmin edib ki, mövqeyinə və haqlı olduğuna inamını qoruyur. Klubun sədri Xaldun əl-Mübarək bildirib ki, məhkəmə prosesinin məxfiliyi səbəbindən məsələnin detalları barədə hazırda ətraflı danışmaq mümkün deyil.

“Klubun günahsız olduğunu sübut etməkdə əminliyimiz və qətiyyətimiz ilk gündə olduğu kimi güclüdür. Mövqeyimizə niyə bu qədər əmin olduğumuzu başa düşməyiniz üçün sizinlə çox şey bölüşmək istərdim. Lakin məhkəmə prosesinin ciddi məxfilik qaydaları və bu qaydalara riayət etmək istəyimiz hazırda buna imkan vermir. Hətta bu məktub da tələblərə uyğunluğundan əmin olmaq üçün bir neçə hüquqi yoxlamadan keçib”, – deyə Xaldun əl-Mübarək bildirib.

Qeyd edək ki, ötən cümə günü “Mançester Siti”nin maliyyə qaydalarının 115 pozuntusundan 114-də təqsirli bilindiyi barədə xəbər yayılıb. Klub rəhbərliyi qərardan apellyasiya şikayəti verməyi planlaşdırır. “Mançester Siti”yə tətbiq olunacaq cəza isə hələ müəyyənləşdirilməyib.







İngiltərə P.L.