29 sentyabr 2026. Çərşənbə axşamı

“Mançester Siti” maliyyə pozuntularında təqsirli bilindi


“Mançester Siti” maliyyə pozuntularında təqsirli bilindi

İngiltərə Premyer Liqası “Mançester Siti”nin maliyyə qaydalarını pozduğunu rəsmən açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, “Mançester Siti” 9 mövsüm ərzində maliyyə qaydalarının bir sıra tələblərini pozub.

Liqa rəhbərliyinin açıqlamasında klubun gəlirlərini süni şəkildə artırmaq və xərclərini aşağı göstərmək məqsədilə bəzi kommersiya tərəfdaşları ilə saxta müqavilələr bağladığı bildirilib.

Qeyd olunub ki, klub maliyyə vəziyyətinin real göstəricilərini auditorlardan və futbol qurumlarından gizlədərək saxta maliyyə hesabatları təqdim edib.

Bundan başqa, “Mançester Siti”nin Premyer Liqa və UEFA-nın maliyyə və xərcləmə limitlərini ciddi şəkildə aşdığı vurğulanıb.

Klubun, həmçinin, araşdırma prosesində Premyer Liqa rəhbərliyi ilə əməkdaşlıq etmədiyi və bununla bağlı xoşməramlı əməkdaşlıq öhdəliklərini dəfələrlə pozduğu bildirilib.

“Mançester Siti”dən cavab

“Mançester Siti” isə Premyer Liqa Komissiyasının qərarına etiraz edib.

Klubun yaydığı açıqlamada qərardan “məyusluq və təəccüb” hissi keçirildiyi bildirilib. “Mançester Siti” ittihamları qəbul etmədiyini və öz mövqeyini təsdiqləyən geniş sübut bazasına malik olduğunu bəyan edib.

Klub açıqlamasında bildirib:

“Mançester Siti bu gün Premyer Liqa Komissiyasının dərc etdiyi qərarla bağlı həm məyusluq, həm də təəccüb hissi keçirir.

Klub Premyer Liqa tərəfindən irəli sürülən ittihamlarla bağlı özünü günahsız hesab edir və bu iş üzrə mövqeyini tam şəkildə dəstəkləyən geniş, möhkəm və təkzibedilməz sübut bazasına malikdir.

Bu səbəbdən klub bütün müvafiq inzibati və hüquqi instansiyalarda mübarizəsini davam etdirəcək və zərurət yaranacağı təqdirdə bütün mümkün hüquqi addımlardan istifadə edəcək.

Premyer Liqanın apardığı proses, hələ başa çatdırılmalı mühüm mərhələlərin qalması ilə davam edir. “Mançester Siti” hesab edir ki, sözügedən qərarda hüquq, prinsip və faktlarla bağlı açıq və fundamental səhvlər mövcuddur, həmçinin qərarın etibarlılığı ilə bağlı ciddi suallar yaranır. Bu səbəbdən klub hazırda mövcud olan bütün apellyasiya imkanlarından istifadə edəcək.

Klub səkkiz il ərzində hüquqi prosesə böyük diqqət və hörmətlə yanaşıb və bu müddət ərzində Premyer Liqanın İdarə Heyəti və rəhbərliyinin qərəzsiz, müstəqil və ədalətli tənzimləyici qurum kimi fəaliyyət göstərəcəyinə inanıb.

Qarşıdakı bütün hüquqi proseslər başa çatana qədər klubun əlavə açıqlamalar vermək imkanları təbii olaraq məhdud olacaq”.

Beləliklə, “Mançester Siti” Premyer Liqanın qərarından apellyasiya şikayəti verməyə hazırlaşır. Hüquqi prosesin yekun nəticəsi klubun gələcək vəziyyəti ilə bağlı mühüm əhəmiyyət daşıyacaq.







İngiltərə P.L.