- İngiltərə P.L.
- 22:41 29.09.2026
“Mançester Yunayted” və İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi “Mançester Siti”nin 2011/12 mövsümündə qazandığı Premyer Liqa çempionluğunun əlindən alınması ehtimalı barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, Runi belə bir halda çempionluq medalının ona verilməsini istəmədiyini bildirib.
“Düşünmürəm ki, biz bunu haqq etmişdik. Həmin mövsümdə çempion olmaq üçün kifayət qədər iş görməmişdik. Mövsümün başa çatmasına dörd-beş oyun qalmış rəqiblərimizi altı və ya yeddi xal qabaqlayırdıq, amma üstünlüyü əldən verdik.
Premyer Liqa medalını qazandığımız vaxtdan nə qədər keçib... Bəlkə də medalları geri alacaqlar. Amma mən bunu istəməzdim. Çünki həmin il bir komanda olaraq buna layiq olduğumuzu düşünmürəm. Axı biz birinci yeri tutmamışdıq.
Qazandığım beş çempionluq medalı ilə razıyam. 15 il sonra “Siti” qaydaları pozduğu üçün belə bir medal almaq istəməzdim”, – deyə Runi bildirib.
Qeyd edək ki, “şəhərlilər”in 2009-2018-ci illər arasında Premyer Liqanın 100-dən çox maliyyə qaydasını pozduğu müəyyənləşəcəyi təqdirdə, klubun 2011/12 mövsümündə qazandığı çempionluğun da ləğv edilə biləcəyi gözlənilir.