- İngiltərə P.L.
- 22:17 02.10.2026
“Aston Villa”nın baş məşqçisi Unai Emeri “Mançester Siti”nin maliyyə qaydalarını pozması ilə bağlı açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis “Diario de Sevilla”ya müsahibəsində Premyer Liqada klubların maliyyə qaydalarına əməl etməsi ilə bağlı çətinliklərdən danışıb.
“Bu, hamıya məlum olan problemdir. Hər kəsin məhdudiyyətləri var. Biz maliyyə feyr-pley qaydalarına riayət etmək üçün futbolçularımızı satmalı oluruq. Bəli, bir çox digər klublar da büdcələrini şişirdiblər və indi bu məsələlər üzə çıxır”, – deyə Emeri bildirib.
Baş məşqçi “Mançester Siti” ilə bağlı yekun qərarın aidiyyəti qurumlar tərəfindən verilməli olduğunu vurğulayıb:
“Qərarı məhkəmələr və bu məsələyə cavabdeh olan şəxslər verməlidir. Mən buna görə təəssüf edirəm. Çünki həmin komandanın necə futbol oynadığını görmüşəm. Pep Qvardiolanın rəhbərliyi altında elə dövrlər olub ki, “Mançester Siti”ni məğlub etmək demək olar, mümkün deyildi”.
Qeyd edək ki, UEFA iyun ayında “Aston Villa”nı xərclərlə bağlı qaydaların “əhəmiyyətli dərəcədə pozulması” səbəbilə 19,4 milyon funt-sterlinq məbləğində cərimələyib.
Son dövrlərdə “Çelsi”, “Nottingem Forest” və “Nyukasl” klubları da UEFA tərəfindən maliyyə qaydalarının pozulmasına görə müxtəlif cəzalara məruz qalıblar.