- İngiltərə P.L.
- 16:12 07.10.2026
İngiltərənin “Arsenal” klubu baş məşqçisi Mikel Arteta ilə yeni uzunmüddətli müqavilə imzalayıb.
90deqiqe.Az London təmsilçisinin saytına istinadən məlumatına görə, 2019-cu ilin dekabrından komandanı çalışdıran ispaniyalı mütəxəssislə yeni anlaşma 2030-cu ilin iyununa qədər qüvvədə olacaq.
Klub müqaviləni Artetaya öz tarixinə xüsusi önəm verən hədiyyə ilə təqdim edib. Yeni anlaşmanın sənədləri “Arsenal”ın 1886-cı ildə yaranması ilə bağlı 140 illik antikvar taxta qutuda mütəxəssisə təqdim olunub.
Sözügedən qutunun tarixi 1886-cı il oktyabrın 4-də “Dayal Skver” kriket klubunun “Prins of Uels” ictimai evində keçirdiyi toplantıya gedib çıxır. Həmin görüşdə klubun fəaliyyətinin genişləndirilməsi və futbol bölməsinin yaradılması barədə qərar qəbul olunub. Beləliklə, “Arsenal”ın əsası qoyulub və Elayca Uotkins klubun katibi seçilib.
Mövsüm ərzindəki fəaliyyətinə görə Uotkinsə yazı masası kimi istifadə olunan həmin antikvar qutu hədiyyə edilib. O, daha sonra 1886-cı il dekabrın 11-də “İstern Uonderers”ə qarşı keçirilən və “Arsenal”ın 6:0 hesablı qələbəsi ilə başa çatan ilk oyunun təşkilində iştirak edib.
Qeyd edək ki, Mikel Artetanın rəhbərliyi altında “Arsenal” Premyer Liqada 22 illik çempionluq həsrətinə son qoyub. İspaniyalı mütəxəssis London klubunun baş məşqçisi kimi keçirdiyi 361 rəsmi oyunda 62,05 faiz qələbə göstəricisinə nail olaraq klub tarixində ən yüksək nəticəni əldə edib.