- İngiltərə P.L.
- 22:51 09.10.2026
“Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyuson futbol məşqçiliyindən ayrılmaq qərarının arxasında duran səbəblərdən danışıb.
90deqiqe.Az-ın məlumatına görə, Ferqyuson bildirib ki, bu qərara gəlməsində ailəsində yaşanan faciə mühüm rol oynayıb.
“2012-ci ilin oktyabrında Ketinin bacısı Bricit vəfat edənə qədər karyeramı bitirmək barədə düşünmürdüm. Heç nə belə bir hadisənin baş verəcəyindən xəbər vermirdi. Əminəm ki, azarkeşlər də mənim fiziki cəhətdən yaxşı vəziyyətdə olduğumu görürdülər.
Bacısının ölümü Keti üçün sarsıdıcı zərbə oldu. Çünki Bricit onun həyatının lap əvvəlindən ayrılmaz bir hissəsi idi. Mən heç vaxt bacılar arasında bu qədər möhkəm bağlılıq görməmişdim”, – deyə Ferqyuson “Games of My Life” adlı yeni kitabında yazıb.
Onun sözlərinə görə, karyerasını başa vurmaq qərarını 2013-cü ilin fevralına qədər, demək olar ki, hamıdan gizli saxlayıb. Daha sonra qərarını futbolçulara və məşqçilər heyətinə açıqlayarkən emosiyalarını cilovlamaqda çətinlik çəkib.
“Mən sadəcə masamın arxasında oturub ağlayırdım. Həmin an hər şeyin bitdiyini anladım. Artıq bu komandanı “Uembli” stadionuna və ya avrokubok oyunlarına aparmayacaq, kubok və ya çempionluq uğrunda mübarizə aparmaq üçün meydana çıxarmayacaqdım”, – deyə ser Aleks qeyd edib.
Qeyd edək ki, 2012-ci ilin oktyabrında həyat yoldaşı Keti Ferqyusonun bacısı Bricit vəfat edib.
Əlavə edək ki, şotlandiyalı mütəxəssis 1986–2013-cü illərdə “qırmızı şeytanlar”ı çalışdırıb və daha sonra məşqçilik karyerasını başa vurub.Aleks Ferqyusonun həyat yoldaşı Keti 2023-cü ilin oktyabrında, 84 yaşında vəfat edib. Cütlük 57 il evli olub.