- İngiltərə P.L.
- 23:54 09.10.2026
İngiltərənin “Everton” klubunun sahibi “The Friedkin Group” (TFG) komandanın nəzarət səhm paketinin satışını nəzərdən keçirir.
90deqiqe.Az-ın “The Athletic” nəşrinə istinadən məlumatına görə, amerikalı milyarder Den Fridkinin rəhbərlik etdiyi şirkət kluba yeni investisiyaların cəlb edilməsi üçün müxtəlif variantları qiymətləndirir. Əvvəlcə azlıq payının strateji investorlara satılması planlaşdırılsa da, hazırda nəzarət paketinin başqa investora verilməsi də mümkün variantlar sırasındadır.
TFG yalnız “Everton”un gələcək inkişafını təmin edə biləcək uyğun alıcı tapacağı halda satışa razılıq verməyi düşünür. Həmin vaxta qədər şirkət klubun fəaliyyətini dəstəkləməyə davam edəcəyini bildirib.
Qeyd edək ki, “The Friedkin Group” 2024-cü ilin dekabrında Farhad Moşirinin klubdakı 94 faizlik payını satın alaraq “Everton”un sahibi olub. Həmin dövrdə klub ciddi maliyyə çətinlikləri və uzunmüddətli sahiblik qeyri-müəyyənliyi ilə üzləşmişdi.
Yeni rəhbərliyin əsas prioritetlərindən biri klubun maliyyə vəziyyətini sabitləşdirmək olub. Şirkət borcların əhəmiyyətli hissəsini yenidən maliyyələşdirib və yeni “Hill Dickinson” stadionu ilə bağlı daha əlverişli kredit şərtləri əldə edib.
Xatırladaq ki, “The Friedkin Group” klubun gələcək inkişafını təmin edəcək investor axtarışını davam etdirir. “Everton”un satışı ilə bağlı yekun qərarın nə vaxt veriləcəyi hələlik məlum deyil.