- İngiltərə P.L.
- 22:45 16.10.2026
“Mançester Siti” rəhbərliyi klubun İngiltərə Premyer Liqasının (APL) maliyyə qaydalarını dəfələrlə pozmasına görə cəzalandırılmayacağına əmindir.
90deqiqe.Az-ın “The Telegraph"a istinadən məlumatına görə, klub müstəqil komissiyanın pozuntularla bağlı qərarına qarşı verdiyi apellyasiyanın nəticəsinə nikbin yanaşır. “Mançester Siti”nin mövqeyinə əsasən, bank çıxarışları, dövlət sənədləri və qəbzlər maliyyələşdirmə üçün vəsaitin Əbu-Dabi hakimiyyətindən gəldiyini təsdiqləyir.
Klubun əsas arqumenti ondan ibarətdir ki, komissiya sponsorluq ödənişlərinin sponsor şirkətlərin səhmdarı olan Əbu-Dabi hakimiyyətindən daxil olduğunu göstərən sübutların demək olar ki, hamısını nəzərə almayıb. “Mançester Siti” hesab edir ki, bu vəsaitlər klub sahibindən gəlmədiyi üçün qanuni kommersiya gəlirləri kimi qiymətləndirilməlidir.
İngiltərə təmsilçisi həmçinin liqanın əsasən sızdırılmış elektron məktublara istinad etdiyini və pozuntularla bağlı birbaşa şahid təqdim etmədiyini vurğulayacaq.
Qeyd edək ki, klubun komissiyanın qərarına qarşı apellyasiyası iki həftə əvvəl təqdim olunub. “Mançester Siti” ilə bağlı yekun qərarın nə vaxt veriləcəyi və klubun hansı cəza ilə üzləşəcəyi hələ məlum deyil.