24 oktyabr 2026. Şənbə

Xabi Alonso “Çelsi”nin gənc qapıçısını Tibo Kurtua ilə müqayisə edib


Xabi Alonso “Çelsi”nin gənc qapıçısını Tibo Kurtua ilə müqayisə edib

“Çelsi”nin baş məşqçisi Xabi Alonso belçikalı qapıçılar Mayk Penders və Tibo Kurtua arasında oxşarlıqların olduğunu bildirib.

90deqiqe.Az xəbər verir ki, Alonso şənbə günü “Tottenhem”lə qarşılaşma ərəfəsində Penders və Kurtua arasındakı oxşarlıqlardan danışıb:

“Onların çoxlu ortaq cəhətləri var və söhbət təkcə eyni millətdən olmalarından getmir. Hər ikisi ucaboydur, solaxaydır və hava toplarında yaxşı oynayır. Tibo dünya çempionatında olarkən ondan Mayk barədə soruşdum. O da aralarındakı oxşarlığı qeyd etdi.

Biz Mayka kömək etməli və ona dəstək olmalıyıq. O, artıq indi komandamız üçün vacibdir və gələcəkdə də əhəmiyyətini qoruyacaq”.

Qeyd edək ki, 21 yaşlı Penders ötən həftəsonu İngiltərə Premyer Liqasının “Everton”la oyununda (2:0) ikinci hissədə zədələnən Emiliano Martinesin əvəzinə meydana çıxıb. Bununla da o, “Çelsi”nin Premyer Liqada forma geyinən ən gənc qapıçısı olub. Argentinalı qolkiperin çənəsinin sındığı və artıq əməliyyat olunduğu bildirilir.

Tibo Kurtua 2011–2018-ci illərdə “Çelsi”də çıxış edib. O, həmin dövrün ilk üç mövsümünü Madrid “Atletiko”sunda icarə əsasında keçirib. Daha sonra belçikalı qapıçı “Real Madrid”də Xabi Alonsonun rəhbərliyi altında oynayıb.

Əlavə edək ki, “Çelsi” Pendersin transferi ilə bağlı razılığa iki il əvvəl gəlib. Bundan sonra qapıçı iki mövsüm “Genk”də çıxış edib, daha sonra isə icarə əsasında “Strasbur”a keçib.







İngiltərə P.L.

“O, komandamızın liderlərindəndir”
  • İngiltərə P.L.
  • 23:34 23.10.2026
“O, komandamızın liderlərindəndir”