- İngiltərə P.L.
- 23:29 26.10.2026
“Mançester Yunayted”in kapitanı Bruno Fernandeş sosial şəbəkədə bəyəndiyi paylaşım səbəbindən gündəmə gəlib.
90deqiqe.Az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi “Sadiq bir insanı elə həddə çatdırmayın ki, artıq ona hər şey fərq etməsin” məzmunlu paylaşımı bəyənib. Onun bu addımı baş məşqçi Maykl Kerrikin “Bornmut”la oyunda Fernandeşi ehtiyatda saxlamasından sonra diqqət çəkib.
“Manchester Evening News” nəşri futbolçunun bəyənməsinin ekran görüntüsünü yayımlayıb. Nəşrin jurnalisti Fernandeşin davranışını tənqid edərək onun əvvəllər belə addımlar atmadığını, indi isə özünü incimiş yeniyetmə kimi apardığını yazıb.
Jurnalist yarımmüdafiəçinin narazılığını müəyyən qədər anlaşılan hesab edib. Onun fikrincə, Fernandeş karyerasının ən yaxşı illərini geriləməkdə davam edən kluba həsr edib. Bununla belə, jurnalist futbolçunun əvvəlcə Kerriki məyus etdiyini, indi isə vaxtilə komandadakı mövqeyindən açıq narazılıq bildirən Alexandro Qarnaço kimi davrandığını vurğulayıb.
Qeyd edək ki, Fernandeş ötən həftə Çempionlar Liqasında “Komo”ya 1:4 hesabı ilə məğlubiyyətdən sonra komandanın oyun taktikasını tənqid etmişdi. Bazar günü isə kapitanın iştirak etmədiyi qarşılaşmada “Mançester Yunayted” “Bornmut”a 0:3 hesabı ilə uduzub.