- İngiltərə P.L.
- 23:55 27.10.2026
“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runinin 16 yaşlı oğlu Kay Runi klubun U18 komandasının “Bernli” ilə oyununda dörd qol vurub.
90deqiqe.Az-ın məlumatına görə, Kay Runi 22-ci dəqiqədə hesabı açıb, fasilədən iki dəqiqə sonra isə penaltini dəqiq yerinə yetirib. 63-cü dəqiqədə het-trikini rəsmiləşdirən hücumçu cəmi üç dəqiqə sonra dördüncü qolunu vurub. Beləliklə, o, 44 dəqiqə ərzində dörd dəfə fərqlənib.
Gənc futbolçunun uğurlu çıxışı bəzi azarkeşləri onun əsas komandaya cəlb olunmasını tələb etməyə vadar edib. Hətta azarkeşlərdən biri hücumçunun şənbə günü “Çelsi”yə qarşı keçiriləcək matçın iştirak ərizəsinə daxil edilməsini təklif edib.
Bu çağırışlar əsas komandanın uğursuz çıxışları fonunda səslənib. Belə ki, “Mançester Yunayted” ardıcıl səkkiz oyundur qələbə qazana bilmir və bazar günü “Bornmut”a 0:3 hesabı ilə məğlub olub.
Kay hələlik ehtiyat komandalar səviyyəsində çıxış etməyə yeni başlayıb. O, bu ay “Nottingem Forest”lə oyunda əvəzetmədən meydana çıxaraq həmin turnirdə debüt edib.
Qeyd edək ki,qarşılaşma mankunianların 6:0 hesablı qələbəsi ilə başa çatıb.Cari mövsümdə İngiltərənin U18 çempionatında üç oyuna çıxan Runi beş qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.