- İngiltərə P.L.
- 22:23 28.10.2026
“Çelsi”nin sabiq yarımmüdafiəçisi Con Obi Mikel “Mançester Yunayted”in baş məşqçi postuna Unai Emerinin gətirilməsini istəyir.
90deqiqe.Az xəbər verir ki, keçmiş nigeriyalı futbolçu bu vəzifə üçün Eddi Hau və Yulian Nagelsmannın namizədliyini dəstəkləmir. Onun fikrincə, hazırda “Aston Villa”nı çalışdıran ispaniyalı mütəxəssis “Mançester Yunayted” üçün daha uyğun seçimdir.
Obi Mikel öz podkastında Emerinin mümkün təyinatı barədə danışarkən klub rəhbərliyinin məşqçiyə tam sərbəstlik verməli olduğunu bildirib:
“Onların heç biri. Mən Unai Emerini seçərdim. Düşünmürəm ki, o, “Aston Villa”dan ayrılsın. Amma ona tam səlahiyyət verilsə... Limitsiz büdcə ayırsalar və desələr ki, “Unai, biz artıq bu yolla davam etmək istəmirik. Klubda baş verənlərdən bezmişik, azarkeşlər də yorulublar. Hər şeyə sıfırdan başlamaq istəyirik və inanırıq ki, bizə lazım olan şəxs məhz sənsən”, o zaman vəziyyət dəyişə bilər”.
Qeyd edək ki, Maykl Kerrik hələlik “Mançester Yunayted”in baş məşqçisi vəzifəsini qoruyub saxlayır. Bununla belə, komanda növbəti məğlubiyyətdən sonra İngiltərə çempionatının turnir cədvəlində 16-cı pilləyə geriləyib.