- İngiltərə P.L.
- 23:49 28.10.2026
İngiltərə Premyer Liqasının sabiq hakimi Dermot Qallaher “Arsenal”ın 16 yaşlı futbolçusu Maks Doumanın qırmızı vərəqəsinin ləğvi ilə bağlı apellyasiyasının təmin olunmayacağını düşünür.
90deqiqe.Az-ın məlumatına görə, gənc futbolçu İngiltərə Liqa Kubokunda “Flitvud”la keçirilən matçda meydandan qovulub.
Hadisə zamanı “Flitvud”un müdafiəçisi Harison Nil Doumana qarşı sərt oynayıb. Bundan sonra 16 yaşlı futbolçu ayağını rəqibinə doğru qaldırıb və hakim ona qırmızı vərəqə göstərib.
London klubu apellyasiya üçün sənədləri cümə axşamına qədər təqdim etməlidir. “Arsenal” müraciətlə bağlı qərarın bazar günü “Liverpul”la keçiriləcək oyuna qədər veriləcəyinə ümid edir.
Qallaher “Sky Sports News”a açıqlamasında apellyasiyanın uğurlu olacağını düşünmədiyini bildirib:
“Doumanın hərəkətinin aqressivliyini nəzərə alsaq, apellyasiyanın təmin olunacağını düşünmürəm. Onun niyyəti aydın görünür. Hesab edirəm ki, müraciət rədd ediləcək”.
Ekspert epizodun qırmızı vərəqəyə layiq olduğunu da vurğulayıb:
“Məncə, bu, qırmızı vərəqədir. Bəziləri həmin epizodu şənbə günü Koul Palmer və Mateus Fernandeş arasında yaşanan hadisə ilə müqayisə edir. Lakin Doumanın hərəkəti bir qədər daha aqressiv idi. O, dizini qaldıraraq, demək olar ki, zərbə vurmağa bənzər hərəkət edir”.
Bununla belə, Qallaher qeyd edib ki, Doumandan əvvəl Harison Nilin etdiyi sərt müdaxiləyə görə hakim “Arsenal”ın xeyrinə cərimə zərbəsi təyin etməli və müdafiəçiyə sarı vərəqə göstərməli idi.