- İngiltərə P.L.
- 21:44 02.11.2026
“Tvente”nin baş məşqçisi Erik ten Haq sabiq yetirməsi Kriştiano Ronaldo haqqında diqqətçəkən fikirlər səsləndirib.
90deqiqe.Az-ın məlumatına görə, niderlandlı mütəxəssis "ESPN"ə müsahibəsində portuqaliyalı ulduzun son illərdə əvvəlki fiziki və oyun səviyyəsini qoruya bilmədiyini bildirib.
“Son 7-8 ildə artıq tələb olunanı edə bilmir. “Yuventus”dan etibarən onun üçün hər şey bitdi”
“Mançester Yunayted”də işə başlayanda Ronaldoya necə oynayacaqlarını və onun bu sistemdəki rolunun nədən ibarət olacağını izah etdiyini deyən mütəxəssis əlavə edib:
“Amma nəticədə meydanda tələb olunanı yerinə yetirməlisiniz. O isə artıq bütün gücünü ortaya qoymaq və ən yüksək səviyyədə məşq etmək üçün özünü məcbur edə bilmirdi. Premyer Liqada oynamaq üçün fiziki baxımdan hazır deyilsinizsə, şansınız yoxdur”.
Ten Haqdan Ronaldonun hər zaman özünü peşəsinə həsr edən futbolçu kimi tanınıb-tanınmadığı da soruşulub.
“Bəli, onda belə təəssürat yaranırdı, amma artıq bunu edə bilmirdi”, – deyə o cavab verib.
Niderlandlı çalışdırıcı Ronaldo ilə bağlı çətin qərar verməsinin səbəblərini də açıqlayıb:
“Faktlar çox aydın idi. Buna görə də seçim etməliydim. Həmin məqamda klubun və komandanın maraqları naminə ən doğru qərarı verməli idim. Onu razı salmaq üçün əlimdən gələn hər şeyi etdiyimi bilirəm. Amma bu səyi göstərib-göstərməmək insanın öz seçimidir. Bunu etmək istəmirsinizsə, komandanın maraqlarına uyğun olaraq başqa qərarlar verməliyəm. Bizim gördüyümüz də məhz bu idi”.
Yaşananlara baxmayaraq, ten Haq Ronaldonun futbol tarixinin ən böyük oyunçularından biri olduğunu vurğulayıb:
“Mənim sözlərimlə bağlı heç bir yanlış anlaşılma olmasın. O, əlbəttə ki, möhtəşəm futbolçudur. Tarixin ən böyük oyunçuları arasında yer alır”.