- İngiltərə P.L.
- 21:20 03.11.2026
“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand 2013-cü ildə Aleks Ferqyusonun klubdan ayrılmasından sonra komandanın vəziyyətini tənqid edib.
90deqiqe.Az-ın “Goal” nəşrinə istinadən məlumatına görə, onun fikrincə, “qırmızı şeytanlar”ın problemləri yalnız baş məşqçilərlə bağlı deyil, klubun idarəçiliyindəki çatışmazlıqlardan qaynaqlanır.
“Ser Aleks gedəndən bəri klub daim geriləyir. Hazırda diz çöküb. İdarəçilik klubun vəziyyətinə ciddi zərər vurub, böyük məbləğdə pullar xərclənib, amma nəhəng borc hələ də qalır. Baş məşqçilərin davamlı dəyişməsi problemlərin yalnız ehtiyat oyunçular skamyasında oturan şəxslə bağlı olmadığını, daha dərin köklərə malik olduğunu göstərir.
Hazırda 115 və ya 120 milyon funt-sterlinqə futbolçu almaq imkanımız yoxdur. Başqa bazarlarda oyunçu axtarmağa məcburuq. Ferqyusonun dövründə isə hər şey fərqli idi. Klub məşqçinin adını və qazandığı kubokları göstərməklə futbolçuları özünə cəlb edə bilirdi”.
Ekspert hazırkı futbolçuların klubun sabiq oyunçularının media və sosial şəbəkələrdə səsləndirdiyi davamlı tənqidlər səbəbindən əlavə təzyiqlə üzləşdiyini də vurğulayıb:
“İndiki futbolçular üçün vəziyyət daha çətindir. Çünki ətraflarında daim tənqid səsləndirən çoxsaylı insanlar və platformalar var”.
Qeyd edək ki, “Mançester Yunayted” noyabrın 3-də UEFA Çempionlar Liqasının oyunu çərçivəsində “Roma”nı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.